Omanlı turistlər Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

04.04.2022

Bu günlərdə Oman Sultanlığının əş-Şərkiyyə vilayətinin Dammam şəhərindən olan turistlər AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar. Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara dahi Azərbaycan şairinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun səhnə əsərlərində qaldırılan bəşəri problemlərin bu gün də aktual olduğu bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, Hüseyn Cavid irsi dünyanın bir çox ölkələrinin aparıcı elm və tədris müəssisələrində olduğu kimi Omanın Sultan Qabus Universitetində də tədqiq olunub.
Omanın tanınmış rəsssamı Lena Salman ölkəmizin təsviri sənəti haqqında çox oxuduğunu və qonağı olduğu muzeyin eksponatları arasında yer alan görkəmli Azərbaycan rəssamları və heykəltaraşlarının əl işlərinin onda yüksək təəssürat oyatdığını bildirib.
Onun həyat yoldaşı geoloq Mohammed əl-Nəmər isə muzeydəki ekskursiyadan məmnun qaldığını və istər Oman, istərsə də Azərbaycan ziyalılarının oxşar taleyi yaşadığını söyləyib.
Sonda qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər. Onlara muzeyin nəşr etdirdiyi “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə olunub.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.