“Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin rolu” mövzusunda elmi sessiya keçirilib

07.12.2021

10 dekabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibəti ilə “Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin rolu” mövzusunda elmi sessiya keçirilib. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Daha sonra elmi sessiyanı giriş sözü ilə açan muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, klassiklərin yubileylərinin keçirilməsi, ev muzeylərinin açılması, əsərlərinin nəşri və təbliği üçün son dərəcə böyük işlər görüb. O qeyd edib ki, ulu öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi, fəlsəfi dünyagörüşünün təbliğinə önəm verdiyi və xatirəsinin əbədiləşdirməsi üçün qətiyyətli addımlar atdığı Azərbaycanın görkəmli söz ustalarından biri də dahi şair və dramaturq Hüseyn Caviddir.
Şairin nəşinin məhz Ulu öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətiridiyini qeyd edən natiq onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də ilk və qəti addımların da məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib, məhz Ümummilli liderin göstərişləri sayəsində H.Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərəsinin ucaldıldığını diqqətə çatdırıb.
Alim 1995-ci ilin iyununda ədibin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə dahi rəhbərin H.Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi təhlil edərkən sənətkarın mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir sima olduğunu vurğulamasını yada salıb.
G.Babaxanlı Heydər Əliyevin tarixdə öz izini qoymuş, hər kəlməsi bir aforizmə çevrilmiş lider olduğunu vurğulayıb, onun düşüncələrini, siyasi strategiyasını özünə örnək götürən müzəffər Ali baş komandan, Prezident İlham Əliyevin də ulu öndərin yolunu uğurla davam etdirdiyini, ədəbiyyatımıza, eyni zamanda Hüseyn Cavid şəxsiyyətinə xüsusi diqqət və qayğı ilə yanaşdığını nəzərə çatdırıb.
Elmi sessiyada məruzə edən digər iştirakçılar da Heydər Əliyevin şair və dramaturq Hüseyn Cavid, ədibin oğlu Ərtoğrol Cavid, qızı Turan Cavid haqqında dediyi xöş sözləri yada salıb, muzeyin fondunda böyük qayğı və dərin məhəbbətlə mühafizə olunan ulu öndərlə bağlı eksponatlardan, sənədlərdən, foto və vide arxiv materiallarından, muzeydə yaradılan Heydər Əliyev guşəsindən, muzey tərəfindən nəşrə hazırlanan kitablardan, xüsusən də Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasından danışıblar.
Elmi sessiyadan sonra tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi ilə tanış olublar.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.