Hüseyn Cavidin Ev Muzeyinin materialları tədqiqatçıların marağını cəlb etməkdədir

12.02.2021

COVİD-19 pandemiyası ilə bağlı Respublikamızda tətbiq edilən karantin rejiminin müəyyən qədər yumşaldılmasından sonra cari ilin 25 yanvar tarixindən etibarən ölkəmizin elmi və mədəni həyatında önəmli yer tutan AMEA Hüseyn Cavidin Ev Muzeyi də öz fəaliyyətini bərpa edib. Fevral ayından başlayaraq muzey kiçik qruplar halında ziyarətçiləri qəbul edir. Böyük şair və dramaturqun ev muzeyini son on gün ərzində ziyarət edənlər sırasında ziyalılar, təhsil işçiləri və tələbələr üstünlük təşkil edib. Bu sırada tədqiqatçılar da kifayət qədərdir.
11 fevral 2021-ci il tarixində də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının ədəbi-dramatik işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Valentina Reznikova və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, Xəzər Universitetinin müəllimi Gülşən Kəngərlinskaya Hüseyn Cavidin Ev Mueyində olublar. Tədqiqatçılar Hüseyn Cavidin həyat və yaradıcılığı, ədibin qızı Turan Cavidin teatrşünaslıq fəaliyyəti və muzeyin ekspozisiyasında nümayiş olunan sənət nümunələri ilə maraqlanıblar. Alimlər muzeydə nümayiş olunan materialların sənətşünaslıq baxımından tədqiqi və Turan Cavidin teatrşünaslıq fəaliyyətinin araşdırılması ilə bağlı planları ilə bölüşüblər.
Qonaqlara muzeyin nəşr etdirdiyi Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim, “Vətən simurqları – II Qarabağ Vətən müharibəsinin qəhrəmanları” adlı kitab hədiyyə olunub.
Qeyd edək ki, hər iki alim adıgedən kitaba daxil olan məqalələrin müəlliflərindəndir.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.