Türkiyəli alim Hüseyn Cavidin Ev Muzeyində qonaq olub

02.12.2021

Bu günlərdə Türkiyənin Ege Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyat bölümünün dosenti, doktor Yılmaz Özkaya AMEA Hüseyn Cavidin Ev Muzeyində qonaq olub. Muzeyin ekspozisiyası ilə tanış olan qonağa dahi Azərbaycan şairi və dramaturqunun həyat və yaradıcılığı, fəlsəfi dünyagörüşü, faciəvi taleyi haqqında ətraflı məlumat verilib. Muzey əməkdaşları onu maraqlandıran Hüseyn Cavid və repressiyaya məruz qalan digər ədəbiyyat xadimləri ilə bağlı sualları cavablandırıb.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin son illərdəki nəşrləri ilə tanış olan Yılmaz Özkaya Ege Universitetinin professoru “Türk ədəbiyyatı və Hüseyn Cavid” mövzusunda araşdırma aparmış Yavuz Akpınardan bu muzey haqqında eşitdiyini və gələcəkdə Cavidlə bağlı tədqiqat aparmaq niyyətində olduğu üçün bu elm və mədəniyyət müəssisəsinə gəldiyini bildirib.
Daha sonra AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə görüşən Türkiyəli alim gələcəkdə muzey ilə əməkdaşlıq etmək istədiyini nəzərə çatdırıb. Tərəflər birlikdə yerinə yetirə biləcəkləri tədqiqat layihələri haqqında müzakirələr aparıb, qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanmasına dair razılığa gəliblər. Türkiyəli qonağa muzeyin nəşrlərindən bir neçəsi hədiyyə olunub. O, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, dosent Yılmaz Özkaya “Türkiye ile Türk dünyası arasında bir Körpü – Yavuz Akpınar ərmağanı” monoqrafiyasının həmmüəlliflərindən biridir və bu monoqrafiyada Yavuz Akpınarın Hüseyn Cavid yaradıcılığı mövzusunda apardığı tədqiqat haqqında da ətraflı məlumat verilib.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.