Hüseyn Cavidin Ev Muzeyində Zəfər günü qeyd olunub

05.10.2021

5 noyabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Öncə bir dəqiqəlik sükutla II Qarabağ, Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsi yad edilib. Sonra muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü təmin etməsindən danışıb. Natiq bu tarixi qələbənin ölkə başçısının uğurlu daxili və xarici siyasətinin, ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində əldə olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanın cəsarətli əsgər və zabitləri onun komandanlığı altında yeni qəhrəmanlıq dastanı yaradıb, döyüş meydanında şəhid olan həmvətənlərimiz öz qanları ilə Azərbaycan tarixinə yeni şanlı bir səhifə yazıb. Həmvətənlərimiz Ali Baş Komandan ətrafında bir dəmir yumruq kimi birləşərək xalqımızın qəhrəmanlıq, cəsarət ruhunu bütün dünyaya nümayiş etdirməyə müvəffəq olub. Bildirib ki, bu qələbə xalqımızın vüqarını yüksəldib, öz gücünə inamını daha da artırıb, milli ləyaqət hissini daha da möhkəmlədib. Alim çıxışında onu da qeyd edib ki, 44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın əməli birliyi bizi böyük qürur və fərəh hissi ilə qeyd etdiyimiz bu Zəfər gününə çatdırıb.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olan cəsur həmvətənlərimizin xatirəsinə həsr edilmiş “Vətən Simurqları: II Qarabağ, Vətən Müharibəsinin qəhrəmanları” kitabından ayrı-ayrı oçerklər də oxunub, kitabda haqqında xatirələr verilən 60 şəhidin şəkilləri nümayiş olunub. Qeyd olunub ki, Qarabağ uğrunda özlərini qurban verən bütün qəhrəman Vətən övladlarının şücaəti tariximizin qızıl səhifələrindəndir, bu şanlı salnamənin müasir gənclərə və gələcək nəsillərə çatdırılması isə vacib məsələlərdəndir.
Qeyd edək ki, AMEA Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı 2021-ci il “Cavidlər təqvimi”nin noyabr ayı səhifəsi də “Zəfər günü”nə həsr olunub.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.