Hüseyn Cavidin Ev Muzeyində Gənclər günü ilə bağlı tədbirdə yeni kitabın təqdimatı keçirilib

02.02.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyində 2 Fevral – “Gənclər günü” münasibəti ilə tədbir keçirilib. Xüsusi karantin rejimi qaydalarını gözləmək şərti ilə təşkil olunan tədbir ilk öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anmaqla başlayıb. Tədbiri açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı gəncləri bu əlamətdar gün münasibəti ilə təbrik edib. Bu günün tarixinə nəzər salındıqdan sonra tədbir iştirakçılarına yeni “Vətən simuqları – II Qarabağ Vətən müharibəsinin qəhrəmanları” adlı kitab təqdim olunub. Kitabın redaktoru G.Babaxanlı bildirib ki, nəşr 44 günlük Vətən müharibəsində şəhid olan cəsur həmvətənlərimizin xatirəsinə həsr edilib. Qarabağ uğuruna gənc ömürlərini qurban verən qəhrəman Vətən övladlarının qələmə alınan taleləri tariximizin qızıl səhifələrindəndir. Buna görə də bu şanlı salnaməni gənclərə, xüsusən də gələcək nəslə çatdırılası vacibdir.
Sonra G.Babaxanlı kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözünün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya öz təşəkkürünü bildirdi. Natiq qeyd etdi ki, kitabda İkinci Qarabağ, Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin, şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu işıqlandırılıb. Təqdim olunan yazılar ana qəlbinin hıçqırığı, bacı göynərtisi, dost məhəbbəti, qardaş qubarı ilə qələmə alınıb.
Daha sonra kitabın məsul katiblərindən biri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxış edib. O da kitabın mövcud zərurətdən doğduğunu, müzəffər Ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz qələbəyə görə ilk növbədə kitabda adı gedən şəhidlərə və qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb.
Qeyd edək ki, “Vətən simuqları – II Qarabağ Vətən müharibəsinin qəhrəmanları” adlı kitabda 44 günlük savaşda şəhid olan bütün şəhidlərin adları verilmiş, onlardan böyük bir qismi haqqında oçerklər, xatirələr və rəngli fotolar yer alıb. Toplunun rəyçiləri tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, məsul katiblərindən biri isə Şəbnəm Babayevadır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.