Ərtoğrol Cavidin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi romansın not yazısının əlyazmasının surəti Nizami Məqbərə Kompleksinə hədiyyə edilib

20.09.2021

Bu günlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları Milli Musiqi günü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Nizami Məqbərəsi Kompleksi filialı”nın Gəncə Regional Mədəniyyət İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə iştirak edib. Dahi şairin məqbərəsi önündə keçirilən toplantıda Hüseyn Cavidin istedadlı övladı, Üzeyir Hacıbəyli və Bülbül kimi dahi musiqiçilərdən dərs alan Ərtoğrol Cavidin Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrası ilə başlayan qəzəlinə bəstələdiyi “Yar gəlmiş idi” romansının not yazılarının avtoqraf əlyazmasının surəti də ictimaiyyətə təqdim olunub. Əsər haqqında məlumat verilərkən bildirilib ki, romans Nizaminin eyniadlı qəzəlinin Cəfər Xəndan tərcüməsi əsasında 1941-ci ildə bəstələnmişdir. Bəstənin ilk ifaçısı isə Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov olmuşdur.
Qeyd edək ki, tədbir zamanı təşkil olunmuş sərgidə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşrə hazırlanan “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı da nümayiş etdirilib və iştirakçıların böyük marağına səbəb olub.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.