AMEA Hüseyn Cavidin Ev Muzeyinin dissertantının Cavidə həsr olunmuş məqaləsi Almaniyada nüfuzlu elmi jurnalda dərc olunub

19.04.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin dissertantı Könül Məhərrəmovanın “Türk ədəbiyyatı ənənələrinin Hüseyn Cavid yaradıcılığına təsiri” (“Türk edebiyatı geleneklerinin Hüseyin Cavid eserlerine etkisi”) adlı məqaləsi Almaniyada nəşr olunan nüfuzlu elmi jurnalda dərc olunub.
“Türklərin dünyası” (“Zeitschrift für die Welt der Türken”) adlanan jurnalın növbəti sayında (№ 1/13) dərc olunan məqalədə dahi Azərbaycan şair və dramaturqu Hüseyn Cavid yaradıcılığının Türkiyə ədəbiyyatı nümunələri ilə müqayisəsi və yeni dövr türk ədəbiyyatının, onun görkəmli nümayəndələrinin Hüseyn Cavidin bədii irsinə təsiri məsələsi araşdırma obyektinə çevrilib.
Məqalə müəllifi qeyd edir ki, çağdaş Türkiyə ədəbiyyatşünaslığında Hüseyn Cavid haqqında tədqiqatlar əhəmiyyətli dərəcədə artmış və bu araşdırmalarda Hüseyn Cavidin əsərlərinin, onun fəlsəfi düşüncələrinin türk ədibləri ilə müqayisəli təhlilinə geniş yer verilmişdir. Cavid əsərlərində görkəmli türk şairləri N.Kamal, Ə.Hamid, M.A.Ersoy, T.Fikrət, R.Tofiq və b-nın yaradıcılığı ilə ortaq xüsusiyyətlərin mövcudluğunu diqqətə çatdıran K.Məhərrəmova belə qənaətə gəlir ki, bir müddət Türkiyədə yaşayıb, təhsil alan dahi sənətkarın əsərlərində türk şairləri ilə ədəbi oxşarlıqların olması təbiidir. Lakin Cavid yaradıcılığına ümumtürk ədəbiyyatı fonunda ümumi nəzər yetirdikdə onun irsinin hər cəhətdən orijinal və üslubi baxımdan özünəməxsus olduğu bir daha nəzərə çarpır.
Qeyd edək ki, dissertantın elmi rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.