Hüseyn Cavidin Ev Muzeyi Təbriz Universitetinə kitab hədiyyə etdi

15.04.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyi nəşrlərindən ibarət kitabları Təbriz Universitetinin Mərkəzi Kitabxanasında yenicə fəaliyyətə başlamış Türk dili və Azərbaycançılıq sahəsində Mənbələr Bölməsinin fonduna hədiyyə edib. Təbriz Universitetində “Azərbaycan türk dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələrin informasiya təminatını həyata keçirmək üçün hədiyyə olunan kitablar sırasında Hüseyn Cavidin beş cilddə “Əsərləri”, “Uçurum”, “Kinyaz” faciələrinin ayrıca kitab halında çap olunmuş versiyaları, Hüseyn Cavid və Abdulla Şaiqin “Ədəbiyyat dərsləri” dərsliyi, “Cavid hikməti: seçmə aforizmlər” toplusu, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının üç cilddlik “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyaları yer alıb. Kitabların Təbrizə göndərilməsi Təbriz Universitetinin rektoru Mir Rza Məcidinin xahişi, İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsuluğunun müraciəti və AMEA rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir.
Məlumat üçün bildirək ki, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid 1899-1903-cü illərdə Təbrizdə yaşamış və “Talibiyyə” mədrəsəsində təhsil almışdır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.