Hüseyn Cavidin Ev Muzeyinin elmi nəşrləri haqqında məqalə beynəlxalq indeksli jurnalda dərc olunub

01.04.2021

“Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavid irsinin və yaradıcılığının tədqiqi üzrə materialların nəşr mənbəyi kimi” adlı məqalə beynəlxaq “Index Copernicus” elmi bazasına daxil edilmiş jurnalda dərc olunub. “V.İ.Vernadski adına Tavriya Milli Universitetinin elmi əsərləri” jurnalının filologiya və sosiologiya seriyasına daxil edilən məqalənin müəllifi muzeyin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Könül Məhərrəmovadır.
Məqalədə AMEA Hüseyn Cavidin Ev Muzeyində 2007-2020-ci illər ərzində hazırlanan nəşrlər ümumi nəzərdən keçirilir, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin irsinin və cavidşünaslıq materiallarının ayrı-ayrı nəşrləri təhlilə cəlb olunur. Hüseyn Cavidin ev muzeyinin Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən bərabərhüquqlu elmi idarələrindən biri olduğu, Cavid irsinin, eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş tədqiqatların nəşrə hazırlanması işinin də bu müəssisənin elmi fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanır. Müəllif bu sahədə işlərin müəssisənin ilk direktoru və ədibin qızı Turan Cavid tərəfindən başlanıldığını, sonralar bu ənənənin uğurla davam etdirildiyini vurğulayır. Hüseyn Cavidin Ev Muzeyinin ölkəmizdə Cavidşünaslığın əsas mərkəzinə çevrildiyini göstərən tədqiqatçı müəssisənin hazırki direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının bu sahədə xüsusi xidmətləri olduğunu nəzərə çatdırır. Muzeyin son 15 ildə Cavid irsinin təbliği ilə yanaşı, tədqiqi və nəşri sahəsində mühüm layihələrə imza atması xüsusi vurğulanır.
Məqalədə Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri iki əsas istiqamətdən: Hüseyn Cavid əsərlərinin və Cavidşünaslıq materiallarının nəşri baxımından tədqiqata cəlb edilir. K.Məhərrəmova Hüseyn Cavidin ayrı-ayrı əsərlərinin, həm də bütöv külliyyatının muzey tərəfindən həyata keçirilən müxtəlif nəşrləri barədə ümumi məlumat verir, daha çox sənətkarın müxtəlif dillərə tərcümə olunmuş “Topal Teymur”, “Şeyda” kimi pyeslərinin nəşrlərini, ədibin əsərlərinin 2005, 2007-ci illərdə çap olunan 5 cildliyini, H.Cavividin həyat və yaradıcılığını tədqiq edən materialların, xüsusən də 2012-ci ildə çapdan çıxmış 10 cilddə “Cavidşünaslıq” araşdırmalar toplusunu, o cümlədən T.Əfəndiyev, M.Cəfər kimi görkəmli cavidşünasların monoqrafiyalarının yeni nəşrlərini əsaslı təhlilə cəlb edir.
Məqalədə həmçinin muzeyin 2018-2020-ci illərdəki nəşrləri, xüsusən “Cavidşünaslıq” araşdırmalar toplusunun 30 cildi haqqında da xülasə şəklində məlumat verilir.
Qeyd edək ki, dissertantın elmi rəhbəri və haqqında məlumat verilən məqalənin elmi redaktoru AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.