“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun 21-30-cu cildləri nəşr olunub

24.12.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti on cildi: XXI-XXX cildləri nəşr olunub.
Muzeyin elmi-tədqiqat işləri planına əsasən, 2020-ci ildə “Cavidşünaslıq” araşdırmalar toplusunun qeyd olunan cildləri üçün 2012-2019-cu illər cavidşünaslığına dair materiallar toplanılmış, sistemləşdirilmiş və ümumi-ləşdirilərək bədii-texniki cəhətdən tərtib olunmuş və nəşrə hazırlanmışdır.
125 çap vərəqi həcmində zəngin materialı əhatə edən bu on cild böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmışların 8 illik bir dövrünü əks etdirir və ədibin ədəbi-bədii, fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə imkan verir. XXI-XXX cildlərdə də toplunun əvvəlki cildlərində olduğu kimi pərakəndə qaynaqlarda Hüseyn Cavid yaradıcılığı və şəxsiyyəti haqqında olan multidissiplinar tədqiqat və informasiyalar xronoloji qaydada bir yerə toplanmış və cavidşünaslara təqdim edilmişdir. Bu isə Hüseyn Cavid irsinin müasir dövrdə öyrənilməsini daha da asanlaşdırılmasını təmin edəcəkdir.
Qeyd edək ki, çoxcildliyin elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.