Hüseyn Cavidin Ev muzeyində əbədiyaşar lider Heydər Əliyevin xatirəsi anılıb

11.12.2020

Dekabrın 11-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar olaraq anım günü keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, ev muzeylərinin açılması, əsərlərinin nəşri, tədqiqi, təbliği üçün son dərəcə böyük işlər görmüşdür. Ulu öndərin sevə-sevə qayğı göstərdiyi Azərbaycan klassikləri içərisində dahi şair və dramaturq Hüseyn Cavidin də müstəsna yeri var.
Təkcə onu qeyd etmək kifayətdir ki, şairin nəşi məhz Ulu öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirilib. Adının əbədiləşdirilməsi istiqamətində də ilk və qəti addımlar onun Azərbaycana rəhbərlik etdiyi illərdə atılıb. Məhz Ümummilli liderin göstərişləri sayəsində H.Cavidin Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərəsi ucaldılıb.
1995-ci ilin iyununda ədibin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə H.Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi təhlil edərkən dahi rəhbər Heydər Əliyev sənətkarın mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulamışdır.
Alim onu da diqqətə çatdırıb ki, Heydər Əliyev tarixdə öz izini qoymuş, hər kəlməsi bir aforizmə çevrilmiş şəxsiyyətlərdəndir. Onun düşüncələrini, siyasi strategiyasını özünə örnək götürən Prezident İlham Əliyev dahi öndərin yolunu uğurla davam etdirir. Son günlərdə istər siyasi arenada, istərsə də cəbhədəki mühüm nailiyyətlər, eyni zamanda dünənki Zəfər paradı da bunun bariz sübutudur.
Qeyd edək ki, tədbir münasibətilə muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi onlayn rejimdə cavidsevərlərə təqdim olunub.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.