Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub

27.10.2020

Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən pyesin mətbuatda dərc olunmasının 100 illiyi münasibəti ilə nəşrə hazırlanıb.
Kitabın tərtibçisi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə yazdığı “Ön söz”də göstərir ki, mövzusu Türkiyə həyatından alınmış, süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirən bu dörd pərdəli faciə ilə dramaturqun yaradıcılığının birinci mərhələsi başa çatıb. Cavidi yaxından tanıyanların qeydlərinə əsasən, şair “Uçurum” faciəsini 1905-1906-cı illər arasında Türkiyədə olduğu zaman yazmağa başlamış, 1917-ci ildə yenidən əsər üzərinə qayıdaraq 1919-cu ildə tamamlamış, 1920-ci ilin aprel ayından mətbuatda hissə-hissə dərc etdirmişdir. 1922-cı ilin 2 iyun tarixində isə əsər D.Bünyadzadə adına Hökumət Teatrında ilk dəfə tamaşaya qoyulmuşdur.
Qeyd edək ki, nəşrin redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, cildinin tərtibçisi isə həmin institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.