Dissertantımız VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda məruzə edib

23.10.2020

20-23 oktyabr 2020-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin dissertantı Könül Məhərrəmova Türkiyənin Niğde şəhərində keçirilən VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda onlayn qaydada iştirak edib. Simpozium Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Pedaqoji Milli Universiteti, Miftahəddin Akmulla adına Başqırd Dövlət Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Könül Məhərrəmova prof. Dr. Hikmet Koraş və prof. Aygül Onalbaevanın moderatoru olduğu Çingiz Aytmatov bölməsinin iclasında “Filosof şair Hüseyn Cavidin poeziyası Türkiyə ədəbiyyatşünaslığında” mövzusunda çıxış edib. Məruzəçi Hayrettin Ayaz, Yusuf Gedikli, Banuçiçek Kırzıoğlu, Jalə Babaşova, Ali Erol, Sedat Adıgüzel və Seda Selim kimi alimlərin elmi təhlillərinə əsasalanaraq ədəbiyyat tariximizdə önəmli yer tutan, böyük şair və dramaturq Hüseyn Cavidin çoxşaxəli yaradıcılığının Türkiyədə daha çox fəlsəfi aspektdən öyrəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyə ədəbiyyatşünaslığında ədibin “Azər” və “Hübuti-Adəm” kimi poemaları daha dərindən öyrənilib, şeirləri isə Türkiyə ədəbiyyatının bədii nümunələri ilə müqayisə olunaraq daha çox forma və mövzu baxımından təhlil edilib.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və b. türkdilli ölkələrdən görkəmli alimlərin iştirak etdiyi VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda bölmələri simvolik olaraq İsmayıl Qaspiralı, Füzuli, Nizami Gəncəvi, Molla Pənah Vaqif, Əhməd Cavad, Əlişir Nəvai, Ziya Göyalp, Şəhriyar, Abay, Ömər Seyfəddin, Erkin Vahidov, Çingiz Aytmatov, Fərabi, Zəki Vəlidi Toğan, Mustafa Şokay, Əhməd Baydursunlu adlandırılıb.
Diqqətəlayiqdir ki, beynəlxalq Simpoziumda bölmələrdən birinin adı Qarabağ olub və Türk xalqlarının birliyinə xidmət edən “Ortaq Türk Tarixi Yazmaq” adlı açılış panelində Beynəlxalq Türk Akademiyası Başkanı prof, Dr.Darhan Kıdırali, prof. Dr. İlyas Gökhan, prof. Dr. Hikmet Koraş kimi nüfuzlu alimlər çıxış edərək Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni silahlı qüvvələri tərəfindən işğalı faktını nəzərə çatdırıb, hal-hazırda Azərbaycanın Qarabağın azad olunması uğrunda haqlı savaşında yanında olduqlarını, şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildiriblər. Azərbaycan təmsilçisi, AMEA-nın dissertantı Könül Məhərrəmova da öz növbəsində böyük türk alimlərinə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda haqq savaşına verdikləri mənəvi dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edək ki, Könül Məhərrəmovanın elmi rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.