Ərtoğrol Cavidin 101 yaşı qeyd olunub

21.10.2020

Bu gün 101 yaşı tamam olan Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də Bakıda dünyaya gəlib. O, böyük şair və dramaturq Hüseyn Cavidin ilk övladı idi. Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin qısa, mənalı ömrünün tam mənzərəsini əks etdirir.
Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri olan Ərtoğrol Cavid cəmi 24 il ömür sürsə də, musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində də iştirak edib. Ərtoğrol Cavidin şəxsi əşyaları və arxivi AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılır. Bu unikal materiallar onun necə hərtərəfli şəxsiyyət, istedadlı insan olması haqqında geniş təəssürat yaradır.
Bu zəngin irs Hüseyn Cavidin Ev Muzeyi tərəfindən tədqiqata cəlb olunub. Muzey son illərdə 13 cilddə “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini, “Balaban məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrləri çap etdirib. Təkcə ötən il həmişə gənc bəstəkarın 100 illiyi münasibəti ilə muzeyin nəşrə hazırladığı “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı nəşrlər işıq üzü görüb.
Bu gün “Mədəniyyət” Televiziyasında yayımlanan “Səhərçağı” verilişinə canlı efirdə müsahibə verən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı muzeyin ekspozisiyasında nümayiş olunan Ərtoğrol Cavidə aid eksponatlar haqqında məlumat verib, onun qısa, lakin mənalı həyat tarixçəsinə işıq salıb, bəstəkar, rəssam, tədqiqatçı Ərtoğrolun əsərlərinin toplanması, nəşrə hazırlanması və çapı istiqamətində muzeydə görülmüş işlərdən danışıb. G.Babaxanlı bildirib ki, muzey bu il də Ərtoğrol Cavidin doğum gününə əliboş gəlməyib. Ərtoğrol Cavidin Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru, musiqişünas Con Varney tərəfindən fortopiano üçün bəstələnmiş musiqi əsərlərini fleyta, skripka, violançel kimi musiqi alətlərində, həmçinin ansamblda ifa olunmaq məqsədi ilə edilən yeni aranjemanını musiqi albomu halında çapa hazırlayıb.

https://bit.ly/3dOq7W9









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.