Hüseyn Cavidin aforizmləri Azərbaycan və ingilis dilində

14.10.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyinin yenidən nəşrə hazırladığı Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət “Cavid hikməti” adlı kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda filosof şairin müxtəlif əsərlərindən seçmələr Azərbaycan və ingilis dillərində oxucuların istifadəsinə verilib. Hüseyn Cavidin külliyyatı əsasında hazırlanan topluda dahi sənətkarın insanlıq, haqq, ədalət, vətən, qadın, məhəbbət və digər mühüm mətləblər haqqında müdrik sözləri, görkəmli şəxslərin Hüseyn Cavid haqqında dəyərli fikirləri yer alıb. Kitaba çətin analaşılan sözlərin qısa lüğəti də əlavə olunub.
Nəşrin tərtibçisi və ön sözünün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı, elmi məsləhətçisi AMEA-nın I vitse-prezidenti akademik İsa Həbibbəyli, redaktoru isə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlidir.
Qeyd edək ki, “Cavid hikməti: seçmə aforizmlər” kitabında toplanan aforizmləri, ön söz və lüğəti ingilis dilinə tərcümə edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və Hüseyn Cavidin Ev Muzeyinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fəridə Əliyevadır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.