“Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının yeni nəşri

13.10.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının yenidən nəşrə hazırlanan “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Yeni nəşrin redaktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Monoqrafiyada Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin mənəvi bəraətində, yenidən vətəninə qovuşmasında, adının əbədiləşdirilməsində Ümummili lider Heydər Əliyevin əvəzsiz rolu, ulu öndərin Cavid əfəndinin həyat və yaradıcılığına qayğıkeş münasibəti tədqiqat obyektinə çevrilir, hər iki dühanın Vətən qarşısındakı xidmətləri tarixi faktlarla geniş ictimaiyyətə təqdim olunur.
Kitabda qeyd olunur ki, Azərbaycan klassik ədəbiyyatının, o sıradan Hüseyn Cavidin mütərəqqi humanist ideyaları, bəşəri görüşləri, insansevər ənənələri ruhunda yetişən Heydər Əliyev Azərbaycan xalqının əvəzedilməz liderinə çevrildikdən sonra da öz haqq işində daim bu mütərəqqi ənənələri rəhbər tutmuşdur. Bildirilir ki, bir vətənpərvər ziyalı, həqiqi milli rəhbər kimi o təkcə Hüseyn Cavid irsinə və şəxsiyyətinə deyil, xalqımıza və dövlətçiliyimizə xidmət göstərmiş bütün görkəmli klassiklərə hörmət və məhəbbət bəsləmiş, onların təbliği və tədqiqini prioritet vəzifələrdən biri kimi qarşıya qoyaraq, daim nəzarət altında saxlamışdır.
Qeyd edək ki, yeni nəşr Hüseyn Cavidin Ev Muzeyinin Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyətə başlamasının 25-ci ildönümü münasibəti ilə cavidsevərlərə bir hədiyyədir.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.