Sülh üçün İblis mütləq cəzalandırılmalıdır!

12.10.2020

“Kəssə hər kim dökülən qan izini,
Qurtaran dahi odur yer yüzüni”,


- dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin XX əsrin əvvəllərində yaşanan hərb və fəlakətlərin bir anlıq səngidiyi dövrdə dinc quruculuq işlərinin başlanacağına ümid bəsləyərək söylədiyi bu sözlər bəşər övladının nəhayət sülhə gələcəyinə, bütün insanların ümumi evi olan cahanda hüzurun bərqərar olacağına inamı ifadə edirdi. Eyni zamanda bizi xəbərdar edirdi ki, nə qədər bəşər arasında İblis xislətli insanlar dolaşacaq, şərin hökm sürdüyü, faşist ideologiyasına xidmət edən, terrorçu rejimlər mövcud olacaqsa, cahanda əbədi sülh və əmin-amanlığın bərqərar olması mümkün deyil.
Son günlər cəbhə xəttində yaşananlar da xeyrin şərə qarşı mücadiləsi, xeyirxah qüvvələrin ədalətin bərpası uğrunda, şərin, İblis xislətli insanların fitnəsinin yox edilməsi, regionda, eyni zamanda cahanda sülhün bərqərar olması istiqamətində atılan mühüm addımlardır. Bu günlərdə Azərbaycan ordusunun cəbhədə həyata keçirdiyi əks-hücum əməliyyatı şərə qarşı mübarizə, xeyrin qələbəsi üçün aparılan mücadilədir, regionda hər an baş qaldıra biləcək, qanlı hadisələrin törədicisi, sülhpərvər insanların ölümünə səbəb olan fitnə yuvasının birdəfəlik yıxılmasına, İblis rejiminin ləğvinə yönəlmiş zəruri tədbirdir.
Bu gün Azərbaycan xalqı uzaqgörən dövlət başçısının sayəsində öz haqq səsini dünyaya çatdırır, sübut edir ki, ermənilərin hərbi-siyasi rəhbərliyinin məzlum maskasının arxasında aqressor sifəti, faşist xisləti gizlənir, onların hökm etdiyi dövlət beynəlxalq terror təşkilatına çevrilib və bütün region üçün təhlükə mənbəyidir.
Bu gün şanlı ordumuz apardığı mübarizə və mücadilə dünya ictimaiyyətinə, şərin arxasında durub xeyrin önünü kəsməyə cəhd edən siyasətçilərə göstərir ki, status-kvonun qorunması mümkün deyil, bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Artıq Azərbaycan xalqı zalımın zülmünə dözmək, beynəlxalq qurumların qətnamələrinin icra olunmamasına göz yummaq, bəzi dövlətlərin münaqişə ilə bağlı yalan vədlərinə inanmaq, separatçı rejimin özbaşınalığını səbirlə müşahidə etmək istəmir.
Xalqımız dünya ictimaiyyətinə səslənir: Artıq yetər, bıçaq sümüyə dirənib, biz Vətən müharibəsi aparırıq, bizim özgənin torpağında gözümüz yoxdur, biz öz yurdumuzu düşmən ordusundan təmizləməyə qadirik.
Bu gün sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitimizədək, sadə vətəndaşımızdandan başlayaraq ölkə başçısı, cənab Ali baş komandan İlham Əliyevədək hər kəsin ümumi bir amalı var: Şərə qələbə çalmaq! Xeyri bərqərar etmək! Qarabağı düşmən tapdağından azad etmək! Regiona sülh gətirmək! Dahi sənətkar Hüseyn Cavid demişkən:

Hər nə zülm etdilər durub baqdıq,
Şimdi yoq səbrə ehtiyac... artıq.
Çırpınır intiqam için könlüm,
Ya zəfər, haqq və ya şərəfli ölüm!..


İki gün öncə Azərbaycanın siyasi rəhbərliyi son dərəcə humanizm göstərərək, dünya liderlərinin Ermənistan xalqının yalvarışlarından doğan sülhə çağırışına səs verdi, müvəqqəti humanitar atəşkəs rejiminin gözlənilməsinə razılıq göstərdi. Amma bu sazişin imzalanmasından 15 saat sonra qarşı tərəfin Gəncə şəhərinə atdığı top mərmiləri, sadə, dinc insanların, mülki əhalinin məhvinə yönələn addımları Ermənistan rəhbərliyinin iç üzünü bir daha göstərdi. Onların təcavüzkar niyyətini sərgilədi. Göstərdi ki, Ermənistanın “humanitar atəşkəs” istəyi əslində hiylə və oyundan başqa bir şey deyil.
Bu bir daha sübut edir ki, İblisə inanmaq, etibar etmək olmaz. O öz şər niyyətindən əl çəkən deyil. Bizim işimiz isə haqq işidir. Bu haqq işində bütün Azərbaycan xalqı bir olmalı, dövlət başçımız, Ali baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir. Çünki artıq status-kvo, təmas xətti yoxdur. Yalnız İblis xislətli düşmən və şərin tapdağından azad olmaq istəyən Qarabağ var.
Azərbaycan xalqı cənab Ali baş komandanın qətiyyətlə söylədiyi: “Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq! Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək!” - sözlərinə arxalanır, müzəffər ordumuza etibar edir.
Dünya ictimaiyyətinə son səslənişimiz budur: Əgər regionda sülh istəyirsinizsə, əgər günahsız insanların, uşaqların, qocaların, qadınların ölməsini istəmirsinizsə, erməni terroruna son qoyun:

Ah, şimdi cəza bulmalı İblis!
Qəhr olmalı, məhv olmalı İblis! (H.Cavid)


Gülbəniz Babaxanlı
filologiya üzrə elmlər doktoru,
Əməkdar mədəniyyət işçisi,
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.