Hüseyn Cavidin “Knyaz” faciəsinin səhnəyə qoyulmasının 90 ili tamam olur

25.09.2020

Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, zaman keçsə də, nəsillərin bədii zövqünü oxşayır. Çünki belə əsərlər epoxanın həyatına güzgü tutmaqla həqiqətləri gələcək nəsillərə çatdırır. Belə əsər müəllifləri sırasında görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin də xüsusi yeri vardır. Onun zaman keçsə də, bədii dəyərini itirməyən, aktuallığını qoruyan əsərlərindən biri də “Knyaz” faciəsidir.
Ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən dramaturq “Knyaz” pyesini 1928-1929-cu illərdə yazıb. Bu əsəri ilə müasirliyə daha da yaxınlaşan müəllif yeni əhvali-ruhiyyəni əks etdirə bilib. Faciənin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb. Xoş güzəran keçirən Knyazın zorla özünə arvad etdiyi kəndli qızı Jasmenin qapılarında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi, keşməkeşli hadisələrdən sonra ona qovuşması əsərin əsas süjetini təşkil edir. Bu pyes Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət edir. Dramaturq gurlayan inqilab dalğalarından xoflanıb Avropaya qaçan knyazın və onun ailəsinin yaşadıqlarını təsvir etməklə zamanındakı əsilzadələrin, mülkədar zümrəsinin faciəsini məharətlə ümumiləşdirir.
Əsərin son səhnələrində biz knyazı Berlində, mühacirətdə görürük. O, burada tək deyildir. Rusiyada inqilabın qələbəsindən sonra çox belə knyazlar mühacirətə qərar vermişdir. Onların hamısı səfil, dilənçi kökünə düşmüşlər. Altmış yaşlı knyaz da bu səfillərdən biridir. Onun qızı Lena Berlin kafe-şantanlarında rəqqasəlik edir. Knyazın ucundan doğma Gürcüstandan ayrı düşmüş Jasmenin də halı acınacaqlıdır.
Əsəri oxuduqca daha yaxşı anlaşılır ki, bu pyesdə Cavid inqilabçıların fəaliyyətindən daha çox Jasmen və Lenanın faciəsinə yer vermişdir.
Qeyd edək ki, “Knyaz” əsəri haqqında böyük dramaturq Cəfər Cabbarlı da müsbət fikirdə idi. Cabbarlı yazırdı ki, “Knyaz” pyesi Hüseyn Cavidin böyük nailiyyətidir. Belə ki, bu pyesdə Cavidin dili əvvəlki pyeslərinə görə çox sadə və anlaşıqlıdır.
Məlumdur ki, H.Cavid pyesləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamışdır. Neçə-neçə faciə, dram aktyorumuz məhz bu əsərlərlə tanınmış, parlamışdır. “Knyaz” pyesi də 1930-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında, Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.
Qeyd edək ki, 1930-cu ildə səhnə həyatını başlayan əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib.
“Knyaz” pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968-1971-ci illərdə “Azərbaycan Dövlət Nəşriyyatı”nda nəşr olunan üç cildliyə daxil edilib. Əsər 1968-1970-ci illərdə Naxçıvan Dram Teatrının repertuarına daxil edilib və tamaşaya qoyulub.
Bu il böyük dramaturq Hüseyn Cavidin “Knyaz” faciəsinin ilk dəfə səhnəyə qoyulmasının 90 ili tamam olur. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyi əsəri yenidən nəşrə hazırlayır. Bu yaxınlarda əsər ayrıca kitab halında cavidsevərlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, «Knyaz»ın ilk tamaşasının orijinal afişası da AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunur və onun surəti muzeyin ekspozisiyasında nümayiş etdirilir.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.