Dissertantımız beynəlxalq konfransda məruzə edib

03.09.2020

AMEA-nın dissertantı Könül Məhərrəmova Beynəlxalq Elmlər Akademiyasının (Uluslararası Bilimler Akademisi) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibəti ilə 30 avqust 2020-ci il tarixində Türkiyənin Ərzurum şəhərində distant şəkildə keçirilən “Cümhuriyyət zirvəsi” mövzusunda III Beynəlxalq Sosial Elmlər Konfransında iştirak etmişdir. Beş ölkədən tanınmış alimlərin qatıldığı distant konfransda Könül Məhərəmova iki ayrı-ayrı bölmədə məruzə etmişdir. Dissertantın “Hüseyn Cavid şəxsiyyəti Türkiyə ədəbiyyatşünaslığında” və “Hüseyn Cavid yaradıcılığının dil və üslub xüsusiyyətləri Türkiyə ədəbiyyatşünaslığında” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
K.Məhərrəmova qeyd etmişdir ki, türk xalqlarının ədəbiyyatı tarixində öz incə ruhu, zərif qələmi ilə oxucularının qəlbində məskən salmış ulu Cavid öz həyatı və yaradıcılığı boyu hər zaman Turan eşqini bəyan etmişdir. Heç təsadüfi deyil ki, Türkiyə ədəbiyyatşünasları da Hüseyn Cavidin böyük ədəbi şəxsiyyətinə və əbədiyaşar bədii irsinə daim xüsusi maraq göstərmiş, təhlil və tədqiqat obyektinə çevirmişlər. Həm görkəmli şair və dramaturqumuz Hüseyn Cavid yaradıcılığına, həm türk xalqlarının siyasi və mədəni tarixinə, həm də bu gün Türkiyə-Azərbaycan qardaşlığına nəzər saldıqda görürük ki, türkün yüksəlişi yalnız türkün birliyi ilə mümkündür.
Onlayn konfransın yekununda Könül Məhərrəmova Beynəlxalq Elmlər Akademiyasının sertifikata layiq görülmüşdür. Təşkilat komitəsi məruzələrin tam mətninin ayrıca nəşr olunacaq topluya daxil edəcəyini bildirmişdir.
Qeyd edək ki, Könül Məhərrəmovanın elmi rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.