Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı gənc alimlər üçün onlayn seminarda iştirak edib

31.07.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş mühafizi Aytən Cəfərli 30 iyul 2020-ci il tarixində AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda onlayn seminarda iştirak edib. “Zoom” platforması üzərindən keçirilən veb seminar AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun moderatorluğu ilə baş tutub. Onlayn seminara AMEA-nın müxtəlif elmi müəssisələrində çalışan 130-dən çox gənc alim və mütəxəsis, o cümlədən 11 ölkədən (ABŞ, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa və b.) 20 gənc azərbaycanlı alim və tədqiqatçı qatılıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi Əminağa Sadıqov ilk öncə cari ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən danışıb. Natiq bildirib ki, bu gün istər pandemiya ilə, istərsə də cəbhədə azğın düşmənlə mübarizədə xalqımız dövlətimizin, onun rəhbərinin yanında olmaqla milli birlik və həmrəylik nümayiş etdirir. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verilib.
“Zoom” platforması üzərindən baş tutan veb seminarda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, i.ü.f.d. Fail Kazımov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva və başqaları Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr, koronovirus pandemiyasının yaratdığı çətinliklər, bu zaman yaranan problemlər və onların həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və ordumuzun təxirəsalınmaz cavab tədbirləri sayəsində alınıb.
Daha sonra digər seminar iştirakçıları öz rəy və təkliflərini səsləndiriblər.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.