Məkrli düşmənə qarşı birləşməliyik

16.07.2020

Hazırda Azərbaycan dövləti üç cəbhədə müharibə aparır. Hər üç düşmən də öz məkrli niyyətini pərdələyərək gizlin həmləsini edir. Hər üçü də insanlığa qarşı yönələn yırtıcı planlar qurur. Bunlardan biri artıq yüz ildən artıqdır ki, xalqımıza qarşı terror törətməklə çoxdan bəlli olan çirkin simasını hələ də maskalamağa çalışan mənfur ermənilər, digəri mövcud vəziyyətdən öz məqsədi üçün istifadə etməyə, dövlətimizi, günü-gündən möhkəmlənən dövlətçiliyimizi zəiflətməyə çalışan, respublikadakı inkişaf və tərəqqini gözü götürməyən, xalq və iqtidar birliyinə zərbə vurmağa cəhd göstərən sapı özümüzdən olan baltalar, üçüncüsü isə daha amansız olub, bütün bəşəriyyətə qarşı yönələn və doğma adamları belə, bir-birindən ayrı salan, insanları ünsiyyətdən məhrum edən və dörd divar arasında saxlanmağa məcbur qoyan pandemiyadır.
Əslində, hər üç düşməni birləşdirən ümumi bir cəhət var. Bu da xislətinin virus səciyyəsi daşımasıdır. Lakin bunların içində ən dəhşətlisi koronavirus pandemiyasıdır. Çünki bu düşmən digər ikisindən fərqli olaraq, çirkin niyyəti bəlli olsa da, gözə görünməməsi ilə seçilir. Yəni nə qədər diqqətli olsan da, zərbənin nə vaxt, kimdən gələcəyini bəlli etmir. Dünyanı cənginə alan bu koronavirus pandemiyasından qorunmağın hazırda yeganə bir yolu var. Bu da mümkün qədər ehtiyatlı olmaq, gözəgörünməz düşmənin tamamilə məhv olması üçün onu təkləmək məqsədi ilə karantin rejiminə əməl etməkdir.
Artıq dünya üzrə bu təhlükəli virusun qurbanlarının sayı yarım milyonu ötüb. Onun Azərbaycanda yayılmasının qarşısının alınması və bu bəladan daha az itki ilə çıxmaq üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Lakin COVID-19-un inkubasiya dövrü başqa viruslu xəstəliklərdən daha uzunmüddətli olduğu üçün karantin rejimini davam etdirmək məcburiyyətindəyik. Əgər biz məsuliyyətli olmasaq, mövcud qaydalara riayət etməsək və zəruri profilaktik tədbirləri davam etdirməsək, bu virus hələ uzun müddət aramızda dolaşacaq, yaxınlarımızın, doğmalarımızın canını almaqda davam edəcək. Bunun üçün də biz nə qədər çətin olsa da, hələ bir müddət karantin rejimi qaydalarına uyğun olaraq qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni qorumalı, gigiyena qaydalarına riayət etməli, kütləvi toplantıları mümkün qədər təxirə salmalı, canlı ünsiyyəti imkan daxilində virtual məkanda gerçəkləşdirməliyik. Yalnız belə sadə tələblərə əməl etməklə təhlükəli virusa qələbə çala bilərik.
Vətəndaşlarımız hər sahədə olduğu kimi virusla mübarizədə də dövlətimizin yanında olmalı, iradə möhkəmliyi və əqidə birliyi nümayiş etdirməli, dezinformasiya xarakterli mesajlara inanmamalı, panikaya qapılmamalı, emosiyaların ağla qələbə çalmasına yol verməməlidirlər. Çünki atalarımız demişkən, güc birlikdədir. Hər üç düşməni düzgün strategiya quraraq, vahid mərkəzdən idarə olunmaqla dəf etmək mümkündür. Bunun üçün biz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarının ətrafında sıx birləşməli, vahid qərargahın göstəriş və tövsiyələrinə əməl etməliyik.
Bu yolda biz ziyalıların da öhdəsinə mühüm işlər düşür. Biz də bacardığımız qədər cəmiyyətimizi maarifləndirməli, xalqı birliyə və həmrəyliyə səsləməliyik. Biz birlikdə güclüyük!

Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru











© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.