Hüseyn Cavidin Ev Muzeyinin AMEA-nın nəzdində faəliyyətə başlamasının 25 ili tamam olur

10.07.2020

25 il öncə, 10 iyun 1995-ci il tarixində Azərbaycan Respublikasının prezidenti, Ümummilli lider Heydər Əliyevin yanında keçirilən tarixi müşavirədə Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər 14 illik fasilədən sonra yenidən müzakirə olundu və dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, onun Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi, 8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin Ev Muzeyi adlandırılması məsələsi həllini tapdı. Məhz bu tarixdə muzey Hüseyn Cavidin və Cavidlər ailəsinin ruhlarının əbədi qərar tutduğu məkanda yerləşdi.
Bu gün Hüseyn Cavidin Ev Muzeyi onun qurucuları ulu öndər Heydər Əliyev və şairin yadigarı Turan Cavidin məqsəd, məram və arzularını uca tutur, ənənələrinə sadiq qalaraq fəaliyyət göstərir. Hazırda Hüseyn Cavidin Ev Muzeyi tam hüquqla tərkibinə daxil olduğu Azərbaycan Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. Muzeydə Elmi Şura və 6 elmi tədqiqat şöbəsi (“Cavidşünaslıq”, “Elmi-kütləvi işlər şöbəsi”, “Elmi fondlar şöbəsi”, “Elmi və bədii tərtibat şöbəsi”, “Elmi ekspozisiya şöbəsi”, “Elmi informasiya və kitabxana şöbəsi”) fəaliyyət göstərir. Şöbələrdə H.Cavid və ümumiyyətlə, cavidlər irsinə aid materialların toplanması, qeydiyyata salınması, elmi təsvirinin verilməsi, mühafizəsi, tədqiqi, təbliği, ekspozisiya və səyyar sərgilərin hazırlanması, təkmilləşdirilməsi, nümayişi, oxuculara xidmət, vertual sərgilərin təşkili və s. işlər icra olunur. Muzey respublikamızın və xarici ölkələrin uyğun müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub, şairin əsərlərinin dünyanın müxtəlif dillərində nəşrinə müvəffəq olub, onun nəşrə hazırladığı çoxcildliklər Azərbaycan cavidşünaslığına mühüm töhfədir. Bu gün əminliklə söyləmək olar ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi Azərbaycanda cavidşünaslığın əsas mərkəzidir.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.