Hüseyn Cavidin Ev Muzeyinin veb-saytına pandemiya dövründə 84 ölkədən 148 500 baxış olub

02.07.2020

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün başda muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı olmaqla AMEA Hüseyn Cavidin Ev Muzeyinin bütün kollektivi virusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edib. Lakin ziyarətçilərini də intizarda qoymayıb.
Bununla əlaqədar Hüseyn Cavidin Ev Muzeyi bir sıra onlayn platformalarda, o cümlədən, Twitterdə #HuseynCavidinOnlaynEvMuzeyi heşteqi ilə, Facebook-da isə https://www.facebook.com/huseyn.cavidinevmuzeyi ünvanında ziyarətçilərlə onlayn ünsiyyət yaradıb. Eləcə də, Hüseyn Cavidin Ev Muzeyinin rəsmi internet səhifəsində (www.huseyncavid.az) Virtual muzey bölməsinə keçid etməklə ekspozisiya zalları ev şəraitində virtual olaraq ziyarət edilib.
Pandemiya dövründə “Hüseyn Cavid yaradıcılığının sosial şəbəkələr üzərindən təbliği yüksək səviyyədə həyata keçirilib. Muzeyin rəsmi “Facebook” səhifəsində kiçik videoçarxlar, ədibin muzeydə saxlanılan unikal fotoşəkillərin, eksponatlarının tarixçələri, Hüseyn Cavidin “Seçilmiş aforizmlər” kitabında yer alan əsərlərindən parçalar paylaşılıb. Həmçinin əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırıblar.
Muzeyin Youtube kanalında Azərbaycan, rus və ingilis dillərində onlayn ekskursiyalar və muzeyin tarixi haqında müxtəlif videolar palyaşılıb və maraqla izlənib. Onu da bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının “Elm TV” İnternet Televiziyası da Hüseyn Cavidin Ev Muzeyinin karantin rejimində onlayn fəaliyyətini geniş işıqlandırmışdır (http://elmtv.az/az/news/3543/).
Qeyd etdiyimiz kimi, sosial təcrid dövründə Muzeyin elmi fəaliyyət nəticələri müxtəlif akademik və kommunikativ sosial şəbəkələr vasitəsilə ictimailəşdirilmiş, elektron və onlayn xidmətlər göstərilmişdir. Bu məqsədlə Academia.edu, Researchgate kimi akademik platformalarda Hüseyn Cavidin əsərlərindən seçmələr yerləşdirilmiş, muzeyin www.huseyncavid.az ünvanlı rəsmi veb-saytı vasitəsilə istifadəçilərə xəbərlər və elektron nəşrlərlə yanaşı, “Hüseyn Cavidin virtual ev-muzeyi” adlı videoekskursiya materialları təqdim olunmuşdur. Dövr ərzində muzeyin məlum səbəblərdən bağlı olması ilə əlaqədar veb-sayta müraciətlərin sayı ötən illərlə müqayisədə dəfələrcə çoxalmışdır. Son 6 ay ərzində www.huseyncavid.az saytına 84 ölkədən 148 500 baxış həyata keçirilmişdir. Bu müraciətlər 40 mindən artıq unikal IP ünvanından edilmişdir.
Göstərilən müddət ərzində Hüseyn Cavidin əsərlərini müxtəlif beynəlxalq virtual sərgilərdə təbliğ etmək, eləcə də muzeyin Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı nəşrlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə ABŞ Konqres Kitabxanasının və Amazon şirkətinin birgə layihəsi olan “Yaxşı mütaliə” (Goodreads) kitab təhlili və təqdimatı platforması ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu məqsədlə platformaya elektron şəkildə 25 referativ biblioqrafik təsvir və nəşr yerləşdirilmişdir.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.