AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı AMEA Xarici Əlaqələr şöbəsinin onlayn iclasında iştirak edib

02.05.2020

Azərbaycan Milli Elmlər Akademiyası Xarici əlaqələr İdarəsinin təşkilatçılığı ilə 1 may 2020-ci il tarixində AMEA elmi tədqiqat institutlarının və əlaqədar müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin onlayn elmi iclası keçirilib.
İclasda AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi eləcə də beynəlxalq elmi və elmi-mədəni əlaqələr sahəsində görülmüş işlər müzakirə edilib və görüləcək işlərə dair təkliflər səsləndirilib.
AMEA Rəyasət heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevanın sədrliyi ilə keçən iclasda AMEA Hüseyn Cavidin Ev Muzeyinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Aytən Cəfərli təmsil edib.
Muzeyin əməkdaşı diqqətə çatdırıb ki, ölkədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq Hüseyn Cavidin Ev Muzeyinin beynəlxalq əlaqələri fəaliyyəti nisbətən məhdudlaşsa da, dayanmayıb.
Bu müddət ərzində Muzeyin rəsmi internet www.huseyncavid.az saytında yerləşən "virtual muzey" pəncərəsindən burada saxlanılan eksponatlar haqqında ətraflı məlumatlar ictimaiyyətə çatdırılıb. Muzeyin saytına son 1 ay ərzində dünyanın 55 ölkəsindən 800 izləyici daxil olub. Bu ölkələr sırasında Fransa, Almaniya, Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Rusiya, Ukrayna, Çin, İran, Hollandiya, Polşa ilk sıralarda yer alır.
Avstraliyalı musiqişünas Con Varney AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlıq etmişdir. Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Con Varney Ərtoğrol Cavidin Fortepiano üçün bəstələnmiş musiqi əsərlərini yeni aranjemanda fleyta, skripka, violançel kimi musiqi alətlərində və ansamblda ifa oluna biləcək formada hazırlayıb.
Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi və dövlət xadimi Əmir Teymur haqqında qələmə aldığı tarixi “Topal Teymur” (1925) dram əsərinin yazılmasından 95 il ötür. Bu münasibətlə muzey əməkdaşlarının növbədənkənar məzuniyyətdə olmalarına baxmayaraq, “Topal Teymur” əsərinin ingilis dilinə tərcüməsi üzərində iş aparılır. Eləcə də, “Cavid hikməti və seçmə aforizmlər” kitabı ingilis dilinə tərcümə olunur.
Sözügedən dövr ərzində Muzeyin “Youtube” kanalında, “Facebook” səhifəsində və rəsmi www.huseyncavid.az saytında bir neçə xarici dildə yerləşdirilmiş videoekskursiyalar nümayiş olunur.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.