Muzey əməkdaşları #EVDƏQAL // İŞDƏN QALMA aksiyasına qoşulub

22.04.2020

2020-ci ilin aprel ayında Hüseyn Cavidin “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə elmi sessiyanın keçirilməsi cari ilin elmi-kütləvi tədbirlər planına salınsa da pandemiya ilə əlaqədar bu dövr ərzində tədbirlərimizi onlayn olaraq keçiririk.
Onlayn keçirilən tədbirdə muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı ilk öncə bildirib ki, “Uçurum” əsərinin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə təşkil edilən onlayn tədbir həmin əsərin hazırda yenidən nəşrə hazırlanmasını müzakirə etmək xarakteri daşıyır. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən fil.ü.e.d. G.Babaxanlı 100 illik yubiley münasibətilə əsərin ayrıca kitab formasında çap edilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Əsərin mövzusunu xatırladan G.Babaxanlı “Uçurum” əsərinin adının simvolik məna daşıdığını və bu sözün öz kökündən, mədəniyyətindən uzaqlaşmaq, yad mədəniyyətin, yad əxlaqın təsiri altına düşməyi ifadə etdiyini vurğulayıb.
Onlayn keçirilən tədbirdə G.Babaxanlı bildirib ki, “Uçurum” faciəsinin yazılması və çap edilməsi ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatıb. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirmişdir. Və bu mövzuların 100 ildən çox vaxt keçməsinə baxmayaraq günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölümsüzlüyünün bariz nümunəsidir.
Daha sonra muzeyin elmi katibi İlahə Novruzova qeyd edib ki, “Uçurum” əsərinin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə ədəbi tarixi xronika yazılır. Həmin xronikanı əsərin yeni nəşr ediləcək kitabına da əlavə etməyi düşünürük.
Onlayn iclasın yekununda fil.ü.e.d. Gülbəniz Babaxanlı görülən işlərdən razılığını bildirsə də, keçdiyimiz bu çətin dönəmdə daha artıq çalışmalı olduğumuzu və birlikə hər şeyə qalib gələcəyimizi bildirdi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.