AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

17.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı AMEA Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı anım tədbiri keçirilib. Tədbir 20 yanvar şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlının matəm günü ilə bağlı çıxışı ilə davam edib. G.Babaxanlı Azərbaycan xalqının 20 yanvar günü göstərdiyi şücaətdən, əliyalın əhalinin tankların qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı göstərilmiş qanlı cinayətdən danışıb. Bu tarixin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığını qeyd edib. G.Babaxanlı bildirdi ki, xalqımızın Ümmumilli lideri Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirmişdir.
Daha sonra muzey əməkdaşları sovet qoşunlarının xalqımıza qarşı həyata keçiridiyi terroru qınayaraq, 20 yanvar tariximizin Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə - qəhrəmanlıq tariximizin bir səhifəsi kimi daxil olduğunu qeyd ediblər. Məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqımızın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün prezidentimizin apardığı siyasəti dəstəkləməli və vətən üçün sipər olmalıdır.
Sonda tədbir qısametrajlı “Qanlı Yanvar” filminin nümayişi ilə başa çatıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.