100 yaşlı gənc bəstəkar

01.02.2019

    Fevral ayının 1-də “Gənclər günü” ilə əlaqədar olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyində “100 yaşlı gənc bəstəkar” adlı elmi sessiya keçirilib. Muzeyin “Cavidin şöhrəti” otağında Ə.Cavidə həsr olunmuş sərginin qarşısında keçirilən tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı açıq elan edərək muzeyin gənc qonaqlarını salamlayıb. Tədbirdə Bakının 269 nömrəli məktəbin şagirdləri, İqtisad Universitetinin mailiyyə fakültəsinin 4-cü kurs tələbələri iştirak ediblər. G.Babaxanlı qeyd edib ki, bu il muzeyimizdə Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi qeyd edilir və bu günkü tədbirimizi Ərtoğrol Cavidə həsr edirik. G.Babaxanlı çıxışında böyük mütəfəkkir və filosif-şair Hüseyn Cavidin tək oğlu, gənc yaşında istedadlı bəstəkar, musiqişünas və tədqiqatçı, rəssam Ərtoğrol Cavidin yaradıcılığı haqqında dolğun məlumat verib, qeyd etdi ki, çox qısa ömrünə böyük işlər sığdıran Ərtoğrol Cavid yaşasaydı bəlkə də indi Azərbaycanı dünyada tanıdan bəstəkar ola bilərdi. Ərtoğrolun tədqiqatçı kimi topladığı materiallar əsasında nəşr olunmuş 13 cildlik “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabı Azərbaycan aşıq sənətinin, folklorunun və musiqi mədəniyyətinin böyük miqyasda təbliğinə və öyrənilməsinə yardım edir. Çıxışının sonunda G.Babaxanlı gənclərə Ərtoğrol Cavid kimi çalışqan, əzmkar və savadlı olmağı məsləhət gördü. Çünki müstəqil dövlətimizin gələcək hərtərəfli inkişafına etibarlı təminat yaradan ölkə prezidenti, cənab ali baş komandan İlham Əliyevin də öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda təhsil, eləcə də savadlılıq yüksək səviyyədədir və bütün bunlar elmin inkişafı üçün əsas bazadır. O, bildirib ki, ölkəmizdə bu sahədə yaradılmış geniş və münbit şərait gənclərin gələcək inkişafına müsbət təsir edəcəkdir.
    Muzeyin şöbə müdiri Cəmilə Rzayeva gənclər üçün Ərtoğrol Cavidin keşməkeşli həyatı və yaradıcılığının müxtəlif aspektlərini əhatə edən məlumat verib və gənclərin suallarını cavablandırıb. Tədbirin sonunda tələbə gənclər muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar və xatirə şəkli çkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.