Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi anılıb

05.12.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın dahi dramaturqu və şairi Hüseyn Cavidin vəfatının 78-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
    Tədbirdə çıxış edən muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı görkəmli mütəfəkkirin faciəli həyat yolundan danışıb. Bildirib ki, H.Cavidə 1982-ci il Heydər Əliyev tərəfindən bəraət verilib və onun nəşi ulu öndərin sərəncamı ilə uzaq Sibirdən Azərbaycana gətirilib. Qeyd edib ki, ümummilli liderin göstərişi ilə H.Cavidin Bakıda və Naxçıvanda ev muzeyləri açılıb, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldılıb. Daha sonra muzeyin elmi katibi İlahə Novruzova bu mədəniyyət ocağında H.Cavid irsi ilə bağlı görülən işlər, həmçinin yeni çapdan çıxmış 20 cildlik “Cavidşünaslıq” elmi araşdırmalar toplusu barədə məlumat verib.
    Sonda H.Cavidə həsr olunmuş “Qayıdış” filmi və onun müxtəlif illərdə çəkilmiş fotolarından ibarət videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.