AMEA Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

18.01.2019

    Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirib.
    Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.
    Tədbirdə çıxış edən Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı törədilmiş qanlı cinayətdən danışdı. Qeyd etdi ki, baş verən bu hadisə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazılmışdır.
    Daha sonra Muzey əməkdaşları sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terror haqqında öz fikirlərini bildirdilər və hadisənin şahidi kimi xatırladıqlarını gənclərə çatdırdılar. Çıxış edənlər qeyd etdilər ki, məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqımızın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün dövlətimizin apardığı siyasəti dəstəkləməli və vətən üçün sipər olmalıdır.
    Tədbirlə əlaqədar olaraq Muzeydə sərgi təşkil olunub. Sərgidə 20 Yanvar faciəsinə aid mövzuları özündə əks etdirən kitablar sərgilənib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.