Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü ...

24.10.2019

    Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin adını daşıyan parkda Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev Muzeyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq ədibin xatirəsini hörmətlə yad ediblər. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli eyni zamanda AMEA Hüseyn Cavidin Ev Muzeyinin yeni nəşri olan “Cavidşünaslıq” elmi məqalələr toplusunun növbəti 10 cildi XI-XX cildlərini tədbir iştirakçılarına təqdim edərək muzeyin direktoru Gülbəniz Babaxanlıya görülən bu işlər üçün təşəkkürünü bildirib.
    AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov çıxış edərək dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıblar.
    Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Muzey adından təbirdə iştirak edənlərə təşəkkürünü bildirib.
    Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını söyləyib.
    Sonra respublikanın tanınmış ifaçıları Nuriyyə Hüseynova və Almaxanım Əhmədli tərəfindən Hüseyn Cavidin sözlərinə yazılmış mahnılar səsləndirib. Sonra magistr tələbəsi Qəndab Əhmədova Hüseyn Cavidin “Knyaz” dramından bir parça səsləndirib.
    Sonda tədbir iştirakçıları Hüseyn Cavidin abidəsi önündə xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.