Ərtoğrol Cavidin anadan olmasının 100-cü ildönümü ...

22.10.2019

    Oktyabrın 22-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Cavidlər ailəsinin istedadlı oğlu Ərtoğrol Cavidin anadan olmasının 100-cü ildönümü münasibətilə anım tədbiri keçirildi.
    Ə.Cavidə həsr olunmuş tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı istedadlı gənc Ərtoğrolun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. O, bildirdi ki, bu il 100 yaşı tamam olan Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də dünyaya gəlmişdir. Hüseyn Cavid həbs olunarkən 18 yaşlı Ərtoğrol ailənin bütün yükünü öz çiyinləri üzərinə götürür. Lakin tale elə gətirir ki, o bu yükü sona qədər daşıya bilmir, ömrü yarım qalır. 1942-ci ildə hərbi xidmətə çağırılarkən onun yeganə nigarançılığı anası və bacısı olur. Müəllimi Üzeyir Hacıbəyliyə ünvanladığı məktublar da bunun əyani sübutudur. O, dəfələrlə müəllimindən ailəsinə kömək olmağı, onlara mənəvi dayaq durmağı xahiş edir və Üzeyir bəy də əlindən gələni onlardan əsirgəmir.
    Ərtoğrol Cavid hərbi xidmətə gedənə qədər yazıb-yaratmış, çoxşaxəli yaradıcılıqla məşğul olmuş, folklor materialları toplamış, musiqi əsərləri bəstələmişdir. Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il 100 illik münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdirmişdir. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrləri ərsəyə gəlmişdir.
    Onuda qeyd edək ki, yubileydən öncəki illərdə də arxivdə aparılan araşdırmalar nəticəsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 13 cilddə çoxcildliyi, «Balaman məktəbi» dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı yeni cildləri nəşr olunmuşdur.
    Tədbir zamanı Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən, müxtəlif kitablardan, sənədlərdən, CD-DVD disklərdən və fotolarlardan ibarət geniş sərgi təşkil olundu.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.