Humanitar Elmlər bölməsinin ümumi yığıncağı keçirilib

17.09.2019

    16 sentyabr 2019-cu il tarixində AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.
    Yığıncaqda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli HEB-ə daxil olan institut və təşkilatların il ərzində gördüyü işlərdən bəhs edib.
    İclasda vitse-prezident bölmənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini bildirib. İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin elm sahəsində əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını vurğulayıb. Qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizəd həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür və səsvermənin nəticələri bölməyə daxil olur. Akademik iclasda gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.
    Ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu, ekspertlər komissiyasının sədri akademik Muxtar İmanov və tərkibi seçilib.
    Gizli səsvermə yolu ilə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər. Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.