AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

08.05.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev: “Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir”” mövzusunda elmi sessiya keçirilib. Xalqımızın ulu öndəri, böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə ənənəvi və virtual sərgi təşkil edilib.
    Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat salnaməsindən tarixi faktalara əsasən vurğuladı ki, Ulu öndərin fenomenal yaddaşı sayəsində sonralar xatırladığına görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili və ədəbiyyat müəllimi olmuşdur. O, bildirdi ki, sonralar Turan Cavidlə söhbətində Heydər Əliyev öz müəllimini xatırlayaraq deyəcəkdi: “Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəlim idi, tələbkar müəllim idi.”
    G.Babaxanlı diqqətə çatdırdı ki, Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardan biri, Heydər Əliyev isə bu əbədiliyi tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir.
    Filoloq-alim G.Babaxanlı çıxışında onu da vurğuladı ki, Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə gətirdiyi “əsərlərdən” biri olan Hüseyn Cavidin Ev Muzeyi də Cavid irsinin böyük himayəçisi, ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılmış və cavidsevərlərin ixtiyarına verilmişdir. O, qeyd etdi ki, Turan xanım hər zaman Heydər Əliyevin qayğısını hiss etmiş və bu dahi rəhbərə dərin hörmət bəsləmişdir.
    Sərgidə muzeyin fondunda saxlanılan Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, həmin çoxcildliyin 2 cildlik elmi biblioqrafik göstəricisi, fil.ü.e.d. G. Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyası, Hüseyin Cavidin Naxçıvandakı məqbərəsinin açılış mərasimini gerçəkləşdirmək üçün Naxçıvana gedən Heydər Əliyevin həyatının çox dəyərli üç gününü əks etdirən “Ömrün üç günü”, Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini əks etdirən “Hüseyn Cavid” adlı albom kitabları, “Heydər Əliyev və Hüseyn Cavid” adlı rəsm əsəri və bir çox dəyərli eksponat nümayiş etdirilib.
    Sonda 2002-ci il 24 oktyabrında muzeydə ulu öndər Heydər Əliyevin iştirakı ilə baş tutmuş açılış mərasiminin lentə alınmış videosuna baxış keçirildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.