“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi tədqiqatçıları özünə cəlb edir

09.01.2019

    Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivində qorunan 43 qovluqdan ibarət qeyri-maddi mədəni irs nümunələri “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” layihəsi əsasında 2011-ci ildə 13 cilddə çap edilib. Layihənin müəllifi və kitabların tərtibçisi muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. Bu gün də çoxcildlik tədqiqatçıları özünə cəlb edir və topluda yer alan nadir materiallardan istifadə etmək üçün muzeyə davamlı müraciətlər olunur.
    Elə bu məqsədlə, bu gün Beynəlxalq Muğam Mərkəzinin korifey muğam ustalarının tədqiqatçısı Gülhüseyn Kazımlı H.Cavidin Ev Muzeyinin qonağı oldu. Qonaqla söhbət zamanı H.Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirdi ki, Ərtoğrol Cavidin topladığı, ancaq həyatdan vaxtsız köçdüyü üçün sona çatdıra bilmədiyi, Azərbaycan xalq musiqisinə, muğamlara, dastanlara aid böyük tədqiqat işlərini biz “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 13 cilddən ibarət çox dəyərli toplu şəklində çap etdirib və Hacı Hüsüyə, Cabbar Qaryağdıoğluna və Cəlil Bağdadbəyov kimi sənətkarlara aid maraqlı məlumatlar həmin kitablar vasitəsilə oxucuya çatdırılıb. Mən deyərdim ki, bu dəyərli toplu hər bir Azərbaycanlı ailəsinin kitabxanasında yer almalıdır.
    Beynəlxalq Muğam Mərkəzinin tədqiqatçısı, fil.ü.f.d. Gülhüseyn Kazımlı bildirdi ki, XIX əsr Azərbaycan muğam sənətinin ən görkəmli nümayəndələrindən biri Hacı Hüsü haqqında nadir materialların sizin muzeydə qorunduğu sorağını almışam. Hacı Hüsü xan qızı Natavanın ən sevimli xanəndəsi idi. Azərbaycan Televiziyasının Mədəniyyət kanalında yayımlanan Muğam gecələri verilişində Hacı Hüsüyə ədəbi bədii gecə həsr ediləcək. Və həmin verilişdə sizin muzeydə olan dəyərli materiallardan istifadə etməyə bizə şərait yaratdığınız üçün sizə təşəkkür edirik.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.