Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

25.04.2019

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə, məktəblərlə, liseylərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir.
    Elmlə təhsilin inteqrasiyası çərçivəsində növbəti tədbir “Hüseyn Cavid yaradıcılığının tədris məsələləri” mövzusunda Bakı Avropa liseyinin müəllimələri ilə birlikdə liseyin şagirdləri üçün təşkil olunub. Şagirdlərə Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında dolğun informasiya verilib. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırılıb. Daha sonra müəllimələrlə Hüseyn Cavidin həyat və yaradıcılığının məktəblərdə necə, hansı səviyyədə tədris edilməsi, məktəblilərin Hüsey Cavid yaradıcılığna göstərdiyi maraq barəsində söhbətlər aparılıb.
    Tədbirin sonunda Muzeyin nəşrləri haqqında da şagirdlərə müfəssəl məlumat verilib, muzeyi ziyarətdən son dərəcə məmnun qalan şagirdlər və onların müəllimələri öz təəssüratlarını rəy kitabında qeyd ediblər və xatirə şəkli çəkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.