ADU-nun “SABAH” qruplarının tələbələri üçün muzeydə interaktiv dərs keçirildi

03.04.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində tədbirlər davam edir. Bu istiqamətdə Muzeydə növbəti interaktiv dərs Azərbaycan Dillər Universitetinin SABAH qruplarının müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində “SABAH” qruplarının tələbələri üçün təşkil edilib. Muzeyin əməkdaşları tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verib. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb. Dərs zamanı tələbələr Cavid əfəndinin şeirlərindən parçalar səsləndiriblər. Bu interaktiv dərsə görə tələbələr və onların ədəbiyyat müəllimi Əzizağa Nəcəfzadə muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını qeyd etdilər. Öz təəssüratlarını rəy kitabında əbədiləşdirdilər və xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.