“Cəfər Cabbarlı və Hüseyn Cavid” adlı tədbir keçirilib

19.03.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Cəfər Cabbarlı və Hüseyn Cavid adlı tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən keçirilib.
    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı ilk növbədə C.Cabbarlının 120 illik yubileyinin bu səviyyədə qeyd edilməsi üçün şərait yaradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürü bildirib. Çıxışında Cəfər Cabbarlının Hüseyn Cavidlə olan münasibətlərindən, C.Cabbarlının Hüseyn Cavid haqqında yazdığı məqalələrdən ətraflı söhbət açıb.
    Tədbirdə böyük dramaturq, şair, rejissor və ictimai xadim Cəfər Cabbarlının ev-muzeyinin direktoru, eyni zamanda nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək babasının irsinin qorunmasının önəmindən, gənclərə təbliğ olunmasının zərurətindən danışıb. Qeyd edib ki, dövrünün önəmli dramaturqlarından olan C.Cabbarlı və H.Cavidin yaratdıqları əsərlər bu gün də teatr səhnəmizi bəzəyir, gənclərə teatrı sevdirir.
    Sonda hər iki muzeyin direktoru belə görüşlərin sıx-sıx keçirilməsinin əhəmiyyətli olduğunu, gənc nəslin hər iki ədibin yaradıcılıq, dostluq əlaqələri haqqında məlumatlandırılması baxımından önəmli olduğu vurğulanıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.