Muzeydə şagirdlərə “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib

10.02.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Mehdiabad qəsəbəsində yerləşən 4 saylı tam orta məktəbin 7-8-ci sinif şagirdləri üçün dahi dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçilib.
   Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan, mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən Muzeyin fəaliyyəti haqqında geniş məlumat verilib.
   Açıq dərs zamanı Muzeyin əməkdaşı Sərvər Şirinov 8-ci sinif “Ədəbiyyat” dərsliyində verilmiş Hüseyn Cavidin “Ana” mənzum dramı və ədibin şeirləri haqqında mühazirə oxuyub və məktəbliləri maraqlandıran sualları cavablandırıb.
   Dərs bitdikdən sonra şagirdlər Muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar. Ekspozisiya ilə yaxından tanış olan şagirdlər Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablara da böyük maraq göstəriblər. Bu istiqamətdə onlara Muzeyin nəşrləri (“Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”) haqqında da geniş məlumat verilib.
   Bu açıq dərsə görə şagirdlər və onların müəllimləri Alışlı Günel, Süleymanova Səbinə Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını bildirdilər.
   Qeyd edək ki, Muzeydə müxtəlif məktəblərin şagirdləri üçün “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərslərin keçirilməsi artıq bir ənənə halını almışdır. Elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində mütəmadi olaraq keçirilən bu cür tədbirlərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.