Hüseyn Cavidin Ev Muzeyinin illik hesabatı AMEA HEB-in Ümumi yığıncağında dinlənilib

03.01.2019

    Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər.
    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yığıncağı giriş sözü ilə açaraq tədbirdə bölməyə daxil olan elmi müəssisələrin illik hesabatlarının dinləniləcəyini bildirib. Akademik bölmə əməkdaşlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    Hesabat ilində bölmənin institut və təşkilatlarında həyata keçirilən tədbirlərdən danışan alim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.
    Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli hesabatların institut və təşkilatlarda görülən işlər, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, il ərzində alınan mühüm elmi nəticələr və digər göstəricilərdə artım olduğunu söyləyib.
    Ardıcıl olaraq Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Məhəmməd Füzuli adına Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Hüseyn Cavidin Ev muzeylərinin hesabatları təqdim edilib.
    H.Cavidin Ev Muzeyində hesabat ilində muzeydə 2018-ci ilin elmi tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 45 iş mərhələlər üzrə yerinə yetirilib. Prezident İlham Əliyevin Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi haqqında imzaladığı Sərəncama uyğun olaraq muzey müxtəlif qurumlarla, o cümlədən Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə silsilə tədbirlər keçirib.
    Muzeyin zənginləşdirilməsinə xüsusi diqqət göstərilir, müəssisənin fondunda 11 min 638 eksponat mühafizə olunur. Bu il muzeyə və onun elektron bazasına 345 yeni eksponat təqdim edilib, veb-saytının xarici dil (ingilis dili) versiyası yeni materiallar ilə zənginləşdirilib. Cavid irsinin təbliği məqsədilə əməkdaşlarımız Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, İtaliya və Macarıstanda elmi ezamiyyətlərdə olublar. Müxtəlif kitablar – fil.ü.e.d. Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının ikinci cildi, həmçinin “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində “Cavidşünaslıq” araşdırmalar toplusu (10 cilddə), “Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair”, “Sözləri Hüseyn Cavidindir” albom-kitab və s. çap etdirilib. Böyük sənətkarın “Maral” əsəri Hüseyn Cavidin ev-muzeyi və Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında ingilis dilinə tərcümə edilib və nəşrə təqdim olunub.
    Hesabat məruzəsində o da qeyd edilib ki, muzey beynəlxalq əlaqələri daha da genişləndirilib. Müəssisə Beynəlxalq Muzeylər Komitəsi (ICOM), Türkiyə Azərbaycan Mədəniyyət Evi ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Gələn il Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə muzeydə bir sıra tədbirlərin keçirilməsi və kitabların nəşri də nəzərdə tutulub.
    Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib. Bölmə hesabatların dinlənilmək üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.