“Cavidşünaslıq” araşdırmalar toplusu 10 cilddə çap olundu

25.12.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin Tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi yenicə çapdan çıxıb.
    Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliyyətinin mühüm uğurlarından biri kimi hazırlanan “Cavidşünaslıq” toplusunun ideyası da məhz həmin araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsidir.
    Çoxcildliyin redaksiya heyəti akademik Akif Əlizadə (ideya müəllifi), akademik İsa Həbibbəyli (elmi məsləhətçi), akademik Teymur Kərimli (layihənin rəhbəri), filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdan (tərtibçi-müəllif) ibarətdir.
    Oncildlik nəşr hələlik böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 82 illik möhtəşəm bir dövrü 1912-1994-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan verir.
    Toplunun cildlərinə daxil edilmiş 1912-1994-cü illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən, qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonuna qədər yazılmış məqalələrdən, M.Hüseyn, R.Rza, M.Cəfər, Ə.Ağayev, C.Xəndan, A.Zamanov, M.Əlioğlu kimi dövrün tanınmış ədəbiyyatşünas və tənqidçilərin yazılarından, 1971-ci ildən 1983-cü ilin sonunadək olan dövrü əsasən ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid konsepsiyasından, 1982-1983-cü illərdə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında yazılmış oçerk və məqalələr, xatirələr, rəylərdən, içərisində Qulam Məmmədli, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Turan Cavidin məqalələrindən, 1983-84-cü illərdə “Sovet Azərbaycanı” jurnalında, “Bakı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet Naxçıvanı”, “Бакинский рабочий”, “Вышка”, “Советская культура” kimi qəzetlərdə Hüseyn Cavid və onun geniş ədəbi-bədii fəaliyyətinin tədqiqinə həsr olunmuş materiallardan, 1984-cü ildə Burada Əziz Şərif, Qulam Məmmədli, Əkrəm Cəfər, Qulu Xəlilov, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xəndan və s. kimi görkəmli tədqiqatçıların biri-birindən dəyərli və maraqlı araşdırmalarından, 1984-1988-ci illərdə Hüseyn Cavidin ədəbi mühiti və şəxsiyyəti, yaradıcılığı, əsərlərinin səhnə həyatı haqqında yazılmış oçerk və məqalələrdən ibarətdir.
    Ədəbiyyatşünaslıq sahəsində möhtəşəm bir nəşr kimi 10 cildlik “Cavidşünaslıq” toplusunun dəyərli bir mənbə, tarixi-mədəni və elmi irs olacağına ümid edirik. Çoxcildliyin daha 20 cildinin də çap edilməsi nəzərdə tutulub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.