Qazaxıstanın Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində

31.10.2018

    30 oktyabr 2018-ci il tarixində Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyində oldular.
    Onlar Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış oldular. Burada onlara muzeyin bələdçiləri tərəfindən muzeyin tarixi, yerləşdiyi bina, dahi şair-dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında, muzeydə sərgilənən eksponatlarla bağlı dolğun informasiya verildi. Sonda Muzeyin nəşrləri haqqında da şagirdlərə müfəssəl məlumat verildi.
    Şagirdlərlə görüşən Muzeyin elmi katibi İlahə Novruzova Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırdı.
    Ekskursiyanın sonunda Muzeyi ziyarətdən son dərəcə məmnun qalan şagirdlər və onların qrup rəhbərləri Aruna Koybakova və Qullazat Rustembekova öz təəssüratlarını rəy kitabında qeyd etdilər və xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.