“Gənclərin bədii zövqünün formalaşdırılmasında Hüseyn Cavid yaradıcılığının rolu” mövzusunda dəyirmi masa keçirilib

02.02.2018

    2 Fevral Gənclər günü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Gənclərin bədii zövqünün formalaşdırılmasında Hüseyn Cavid yaradıcılığının rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxışında bildirib ki, bu gün ölkəmizin hər yerində, o cümlədən də Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilir. Müstəqil dövlətimizin gələcək hərtərəfli inkişafına etibarlı təminat yaradan ölkə prezidenti, cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda təhsil, eləcə də savadlılıq yüksək səviyyədədir və bütün bunlar elmin inkişafı üçün əsas bazadır. O bildirib ki, ölkəmizdə bu sahədə yaradılmış geniş və münbit şərait gənclərin gələcək inkişafına müsbət təsir edəcəkdir. Daha sonra fil.ü.e.d G.Babaxanlı qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığı gəncliyin tərbiyəsinin və bədii zövqünün formalaşmasına böyük təsir göstərir.
   Tədbirdə çıxış edən Muzeyin şöbə müdiri Lalə Əliyeva Muzeyə ekskursiyaya gələn gənclərin Hüseyn Cavid yaradıcılığına sevgi ilə yanaşdıqlarından danışaraq vurğulayıb ki, onlar ədib haqqında hər bir məlumata böyük diqqətlə yanaşır və onu öyrənmək üçün böyük səy göstərirlər. O, çıxışına davam edərək bildirib ki, Muzeyə gələn tamaşaçıların böyük əksəriyyətini məhz gənclər təşkil edir ki, bu da çox sevindirici haldır.
   Tədbirin davamında Muzeyin əməkdaşı Sərvər Şirinov bildirib ki, hazırda Hüseyn Cavidin zəngin irsinin gənclər arasında təbliği Muzeyin əsas fəaliyyət istiqamətlərindən biridir. O, bu sahədə gənc muzeyşünasların gördüyü işlərdən bəhs edərək bildirmişdir ki, Muzeyin gənc əməkdaşları fəal şəkildə yerlərdə gənclərlə iş aparır və onların muzeyimizə gəlmələri üçün fəal çalışırlar. Daha sonra S.Şirinov qeyd edib ki, Muzeyin keçirdiyi beynəlxalq və respublika səviyyəli elmi konfranslarda, tədbirlərdə gənclərin aktivliyi üstünlük təşkil edir. Bu isə onların zövqlərinin formalaşmasında Cavid yaradıcılığının təsirindən xəbər verir.
   Tədbirdə çıxış edən Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Cəfərli bildirib ki, Hüseyn Cavid və cavidlər irsinin təbliğində Muzeyin gənc əməkdaşları üçün Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı tərəfindən hərtərəfli şərait yaradılmışdır. Bu dəstək böyük şairin zəngin yaradıcılığının respublikamızda layiqincə təbliği istiqamətində Muzeyin gənc əməkdaşlarında böyük stimul yaradır və onların bu istiqamətdə fəaliyyətlərinə müsbət təsirini göstərir.
   Tədbirin sonunda tələbə gənclərdən ibarət qonaqlar Muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.