Hüseyn Cavidin Ev Muzeyində Müəllimlər günü qeyd edildi

09.10.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində “Müəllimlər günü” münasibətilə Nəsimi rayonu 164 saylı tam orta məktəbin 7 “B” sinif şagirdləri üçün açıq dərs keçirildi. İlk öncə şagirdlərə muzey bələdçiləri tərəfindən ekskursiya keçilib, görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı barədə məlumat verilib, cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışılıb. Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək elmlə təhsilin inteqrasiyası çərçivəsində mütəmadi keçirilən açıq dərslərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Alim daha sonra ədibin mənzum dramları və şeirləri haqqında mühazirə ilə çıxış edib.
    Daha sonra şagirdlər “Hüseyn Cavid yaradıcılığında milli mənəvi dəyərlərimiz” mövzusunda çıxış ediblər. ”Qoca bir türkün vəsiyyəti”, ”Qaçqın”, “Mənim tanrım”, ”Hacı Zeynalabdin yardımı münasibətilə” şeirlərini söyləyiblər. Eyni zamanda Selin Ələsgərova və Nicat Hüseynov “Qız məktəbində” şeirini rollarla ifa ediblər.
    Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova açıq dərsin məhz 5 Oktyabr “Müəllim Günü”ndə keçirilməsinin təsadüf olmadığını qeyd edib. Belə ki, Hüseyn Cavid çox böyük mütəfəkkir və ədib olmaqla paralel maarifçi-pedaqoq olmuşdur. Ulu öndər Heydər Əliyevin böyük mütəfəkkir Hüseyn Cavid haqqında yürütdüyü mükəmməl fikir Cavid əfəndini Azərbaycan pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir: “Hüseyn Cavidin əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də, böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə”. müəllimlik fəaliyyətindən danışıb. Eyni zamanda oktyabr ayının Cavidlər ayı olmasıını şagirdlərin diqqətinə çatdırıb.
    Sonda şagirdlər xatirə şəkli çəkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.