Elm və təhsilin inteqrasiyası çərçivəsində muzeydə daha bir görüş

17.04.2018

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi ali və orta təhsil müəssisələrilə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir.
Bu istiqamətdə daha bir açıq dərs Bakı şəhəri 262 nömrəli tam orta məktəbin şagirdləri üçün təşkil olunmuşdur. Şagirdlərə Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında dolğun informasiya verilmişdir. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı mühazirə oxunmuşdur.
Dərs bitdikdən sonra şagirdlər Muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olmuşlar. Daha sonra şagirdlərə Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablardan ibarət sərgi nümayiş olunmuşdur. Sərgidə nümayiş olunan “Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, Hüseyn Cavidin 10 dilə tərcümə olunmuş “Şeyda” əsəri və digər tərcümə şeirləri şagirdlərdə böyük maraq doğurub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.