Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin yubileyi münasibətilə elmi sessiya keçirildi

29.03.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin yazılmasının 105 illiyi, ilk dəfə teatr səhnəsinə qoyulmasının 90 illiyi münasibətilə “Şeyx Sənan” – Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda elmi sessiya keçirilib.
    Tədbirdə Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Şeyx Sənan” faciəsində dünyəvi və ilahi eşqin təqdimi” mövzusunda elmi məruzə ilə çıxış etdi. Cavidşünas alim məruzəsində geniş ədəbi təhlil apararaq vurğuladı ki, Hüseyn Cavid “Şeyx Sənan” pyesində məhəbbətin iki təzahür formasından sənətkarlıqla istifadə edərək, klassik ədəbiyyatdan və folklordan da bəhrələnməklə gözəl bir məhəbbət dastanı yaratmağa nail olmuşdur.
    Sonra Muzeyin elmi işçisi Sərvər Şirinovun “Şeyx Sənan” və multikulturalizm” mövzusunda elmi məruzəsi dinlənildi. O, çıxışında vurğuladı ki, Hüseyn Cavidin “Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, dahi dramaturq multikultural dəyərlərə sadiq qalmaq kimi ülvi idealları əsərdə orijinal formada canlandırmışdır.
    Daha sonra Muzeyin əməkdaşı Lalə Əliyeva “Şeyx Sənan” faciəsinin ədəbi-tarixi xronikası məruzəsi ilə çıxış etdi. Gənc tədqiqatçı məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixinə ətraflı nəzər saldı.
    Tədbir zamanı “Şeyx Sənan” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi təşkil edilib və gün ərzində muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış olublar.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.