Muzeydə Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs keçirilib

27.03.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Cəmşid Naxçıvanski adına hərbi lisey kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs təşkil olunub.
    Açıq dərs əsnasında tələbələrə dahi dramaturqun həyatı, yaradıcılıq yolu, ədəbi irsi və ailə üzvləri haqqında geniş məlumat verilib. Ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və s. dram əsərlərinin mövzu və ideyasından danışılıb.
    Qeyd edək ki, Muzeyin əməkdaşları Hüseyn Cavid yaradıcılığı ilə bağlı tələbələri maraqlandıran digər sualları da cavablandırıblar. Sual-cavab əsnasında tələbələr Hüseyn Cavidin ölməz misralarını səsləndiriblər:

    Kəssə hər kim tökülən qan izini,
    Qurtaran dahi odur yer üzünü!

    Açıq dərsdən sonra ekspozisiya ilə yaxından tanış olan tələbələrə Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” araşdırmalar toplusu və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında da məlumat verilib.
    Bu açıq dərsə görə tələbələr və onların ədəbiyyat müəllimələri Əmirova Lətafət, Həsənova Laləzar Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını bildirdilər.
    Vurğulayaq ki, Hüseyn Cavidin Ev Muzeyində müxtəlif universitetlərin tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda açıq dərslərin keçirilməsi artıq bir ənənə halını almışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.