AMEA Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

19.01.2018

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən AMEA Hüseyn Cavidin Ev Muzeyi “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirib.
   Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.
   Tədbirdə çıxış edən Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirdi ki, Azərbaycan xalqının 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə göstərdiyi şücaətdən, əliyalın əhalinin tank tırtılları qarşısında aciz qalmasından, vətəndaşlarımıza qarşı törədilmiş qanlı cinayətdən danışıb. Qeyd edilib ki, yaxın tariximizdə baş verən bu hadisə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazılmışdır. Fil.ü.e.d. G.Babaxanlı onu da xüsusi vurğulayıb ki, xalqımızın ulu öndəri Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirmişdir.
   Daha sonra Muzey əməkdaşları sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayıblar. Qeyd edilib ki, məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub. Azərbaycan gənci xalqımızın başına gətirilən müsibətləri daima yadda saxlamalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün prezidentimizin apardığı siyasəti dəstəkləməli və vətən üçün sipər olmalıdır.
   Tədbirlə əlaqədar olaraq Muzeydə sərgi təşkil olunub. Sərgidə 20 Yanvar faciəsinə aid mövzuları özündə əks etdirən kitablar sərgilənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.