HÜSEYN CAVİD


Muzey elmlə təhsilin inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir

14.03.2018

    Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə, məktəblərlə, liseylərlə və digər təhsil ocaqları ilə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu istiqamətdə elmlə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün mütəmadi olaraq açıq dərslər təşkil edilir. Belə açıq dərslərdən biri də “Zəfər” kurslarının 10-cu sinif şagirdləri üçün keçirildi. “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda keçirilən açıq dərs zamanı Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı şagirdlərə filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verdi. Ədibin yaşadığı dövr, həyatı, yaradıcılığı və Muzeyin zəngin eksponatları haqqında şagirdləri maraqlandıran suallar cavablandırıldı. Dərs zamanı şagirdlər Cavid əfəndinin şeirlərindən parçalar səsləndirdilər.
    Fil.ü.e.d. Gülbəniz Babaxanlı qeyd etdi ki, Muzeydə mütəmadi olaraq təşkil edilən bu cür dərslər məktəblilərin dünyagörüşlərinin və bədii təfəkkürlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir.
    Dərs bitdikdən sonra Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Həqiqət istərəm, yalnız həqiqət” adlı sənədli televiziya filmi haqqında da şagirdlərə ətraflı məlumat verildi. Filmin çəkilişlərinin canlı şahidi olan şagirdlər Mişkinaz xanım obrazını canlandıran xalq artisti Səidə Quliyeva ilə də tanış oldular və sonda xatirə şəkli çəkdirdilər.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.