Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

12.03.2018

    UNEC dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirir. Növbəti konfrans UNEC-in Maliyyə və mühasibat fakültəsi, SABAH mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı, Hüseyn Cavidin Ev Muzeyinin dəstəyi ilə “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” mövzusunda keçirilib.
    Konfrans iştirakçıları Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar kitab və əsərlərindən ibarət foto sərgiyə baxış keçirdikdən sonra, böyük dramaturqun həyat və yaradıcılığından bəhs edən filmi izləyiblər.
    UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli prezident İlham Əliyevin dahi dramaturqun 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama diqqət çəkərək, UNEC-də Hüseyn Cavidə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. O, Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə həmişə böyük hörmət və ehtiramla yanaşdığını bildirərək, dramaturqun nəşinin uzaq Sibirdən – İrkutsk vilayətindən Azərbaycana gətirilməsində Ümummilli liderin böyük xidmətləri olduğunu vurğulayıb. UNEC professoru bunu təkcə Cavid irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi səciyyələndirib.
    Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev, SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev, “Azərbaycan dili” kafedrasının dosenti Gülbəniz İsmayılzadə Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılmasının əhəmiyyətindən danışaraq, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini qeyd ediblər.
    Tədbirin davamında AMEA Hüseyn Cavidin Ev Muzeyinin “Elmi ekspozisiya şöbəsi”nin müdiri Lalə Əliyeva Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”) haqqında çıxış edib. O, Muzeydə böyük şairin ədəbi irsinin araşdırılması və təbliği istiqamətində reallaşdırılan tədbirlərdən də söz açıb.
    Konfransda UNEC-in professoru Maarifə Hacıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Lütviyyə Əsgərzadə, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Müstəqil Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İsgəndər Orucəliyev Hüseyn Cavid sənətinin janr və forma cəhətdən zənginliyindən bəhs edərək, ədibin yaradıcılığına yenidən nəzər salmağın vacibliyini vurğulayıblar.
    Konfransda Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsi Təranə Quliyevanın H.Cavidin əsərlərinə həsr etdiyi “Şərq günəşi” adlı kompozisiyanı iştirakçılar böyük maraqla qarşılayıb. Kompozisiya dramaturqun ev muzeyinə hədiyyə olunub.
    Çıxışlardan sonra tələbələr Hüseyn Cavidin şeirlərini səsləndirib, ədibin sözlərinə yazılmış mahnılar ifa ediblər.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.